Connect with us

AFB sədri: “Heç kim deyə bilməz ki, mən kiməsə mükafatı nəyinsə xətrinə vermişəm”

afb mirnaib

Fotoxəbər

AFB sədri: “Heç kim deyə bilməz ki, mən kiməsə mükafatı nəyinsə xətrinə vermişəm”

Bir müddət öncə Azərbaycan Fotoqraflar Birliyinin İH-nin üzvü olan fotoqraf Səfiyar Məcnun özünün facebook səhifəsində kəsilmiş üzvlük vəsiqəsinin fotosunu paylaşıb və AFB rəhbərliyini sərt ittiham edib.

S.Məcnun istefasının Fotoqraflar Birliyində vəziyyətin gündən-günə pisləşməsi, sədrin isə buna etinasız yanaşmasından qaynaqlandığını deyib:

“Səbəb, sədrin deyil, əslində hamımızın olan bir birliyin rəzil günə gəlib çıxmasıdır. Sədr buna şərait yaradıb və bu halın dəyişməsinə səy göstərmir. Azərbaycanda fotoqrafiya deyəndə “üz qabığı” hesab olunan şəxsiyyətlərin üz qarası olan bir şəxsin ucbatından birlikdən kənar düşüb. O, yaşından-başından, sənətindən-şəxsiyyətindən, cinsindən-məqamından asılı olmayaraq hər kəslə eyni tonda danışır, səhvini üzünə deyən və nəsə tələb edən insanları özündən və birlikdən uzaqlaşdıraraq, yanında atı oynayan insanları saxlayır. Azərbaycan Fotoqraflar Birliyinin “Facebook” səhifəsini “Space” tv-nin “ad günü təbrikləri” verilişinə döndərib”.

S.Məcnun son addımına qədər dəfələrlə bu məsələlər barədə Mirnaib Həsənoğlu ilə danışdığını deyib: “Həm ikilikdə həm də İdarə heyətinin toplantısında müzakirə xarakterli söhbətimiz olub. Amma onun bütün bunlara bir sədr kimi etinasız yanaşdığına görə müzakirənin nəticəsi olmayıb”.

Bu qalmaqal zamanı ittiham dolu sözlər sərf olunmağa başlandı. Məlum fotonun şərhində bir neçə gün mübahisələr davam etdi. Məsələnin böyük rezonans doğurduğunu nəzərə alıb, müzakirədə həm adı hallanan, həm də iştirak edən AFB-nin sədri Mirnaib Həsənoğlu ilə görüşdük və ona suallar ünvanladıq.

Suallarımız çox olduğu üçün müsahibəni 2 hissəyə ayırmağa qərar verdik. Fotoqraflar.com həmin müsahibəni təqdim edir

– İlk olaraq Səfiyar Məcnunla aranızda yaşanan problemlə bağlı danışaq. Səfiyar AFB üzvü olduğunu sübut edən vəsiqəsini qayçı ilə kəsərək fotosunu paylaşaraq, “Orada olan 4-5 nəfər istisna olmaqla bunlar Azərbaycan fotoqrafiyasının düşmənləri imiş” yazmışdı. Bu fotonun şərhində uzun mübahisələr, söz davası və “atışmalar” oldu. Yazışmalar zamanı S.Məcnun qeyd edib ki, problemi sizinlə əlaqələdir. Bununla bağlı nə deyə bilərsiniz?

– Əgər Səfiyar istefa verirsə sonrakı şərhdə necə yaza bilər ki, “Mən hələ də İH-nin üzvüyəm”. Əgər insan hansısa birliyinin üzvüdürsə bunu təsdiq edən sənəd olmalıdır. Bu sənəd də 1 il müddətində verilir. Məcnunun paylaşdığı vəsiqənin müddəti 8 ay öncə bitib. Fotoya diqqət etsəniz görərsiniz ki, qayçını tarix yazılmış hissənin üzərinə qoyub. Səfiyara məktub yazmışıq, demişik ki, vəsiqəni yenilə, amma yeniləmir. Çünki bu vəsiqəni yeniləmək üçün Səfiyar üzvlük haqqı verməlidir, onu da vermir. Əgər AFB-nin nizamnaməsinə uyğun qərar versək kimliyindən asılı olmayaraq əgər kimsə üzvlük haqqı vermirsə və vəsiqəsinin vaxtı bitibsə həmin şəxs AFB üzvü kimi qala bilməz. Avtomatik üzvlükdən çıxarılır. Deməli həmin adam İH-nin də üzvü ola bilməz.

– AFB-dən narazı olanlar həmin fotonun şərhində öz iradlarını bildiriblər. Məsələn, Səfiyar İH-nin səriştəsiz olduğunu, AFB-nin ancaq ad günü təbrikləri ilə məşğul olduğunu yazıb. Bu sözlər nə qədər həqiqəti əks etdirir?

– S.Məcnunun öz doğum gününü AFB-in rəsmi səhifəsində təbrik edəndə niyə qəbul edirdi? Deyərdi ki, “Mən bunu qəbul etmirəm. Bu, mənasız və boş şeydir”. Biz bilirik ki, o təbrik həmin fotoqraf üçün xoşdur. Burada pis nə var ki? Səfiyar Məcnunun Azərbaycan fotoqrafiyasının “Titaniki” olan bir fotoqrafın ad günündə bunu yazması onun üçün heç də baş ucalığı gətirmir. Çünki Səfiyar həmin adamı görəndə dümdüz dayanır. Bilir ki, qarşısında dayanan kimdir. Mən ad çəkmək istəmirəm. Ehtiyac olarsa deyə də bilərəm. 

 – AFB-nin İH-də problemlərin olduğu iddia edilir.

– Səfiyar açıqlasın görək problem nədədir? İH daxilində söz-söhbət ola bilər, bu normaldır. Mən orada olan hər kəsi özümlə bir tuturam və hamısı da bilir ki, tələbkaram. İstəyim də yaxşı iş görməkdir. Bura uşaq bağçası deyil. Bir müsabiqənin şərtlərini 3-4 dəfə oxuyuruq ki, səhv olmasın, boşluq yaranmasın. Bizim gördüyümüz işlərin saytımızda siyahısı var. Pis və ya yaxşı… Çəkilək kənara, qapadaq hər şeyi. Bu boşluğu kim dolduracaq? AFB-nin gördüyü işi kim görəcək?

– Aylıq foto-müsabiqələr təşkil edirsiniz. Bunlarla bağlı da tənqidlər olur.

– Mənə deyirlər ki, həvəskar və yeni fotoqrafların fotolarını sərgiləyirsiniz. Nə edək? Yeni fotoqrafları qovalayaq? Yaxınımıza buraxmayaq? Müsabiqələrin faydası var ki, ziyanı yoxdur. Stimul verir, güc verir. Tənqid edənlərdən hansı gəlib deyib ki, “Siz batırsınız, tutun əlimizdən çıxın”. Hansısa biri dəstək verib, qəbul etməmişik? Kömək etmək istəyiblər, razı olmamışıq? Müsabiqənin səviyyəsi aşağıdır, sizin səviyyəniz yüksəkdir, gəlin qatılın, iştirak edin, salonda əyləşin müsabiqənin səviyyəsi artsın. Heç birini etmirlər, amma tənqidləri dayanmır.

– Söhbət müsabiqələrdən düşdü. Bununla bağlı bir sual verim. Fotoqrafların böyük hissəsi AFB-nin təşkil etdiyi müsabiqələrə qatılmır. Səbəb kimi də şəffaflığın olmadığını, ədalətli seçim olmayacağını deyirlər. Bu iddialara necə cavab verə bilərsiniz?

– Bütün müsabiqələrdə kimliyindən asılı olmadan kimin fotosu yer tutmursa həmin adam narazı olur. Bu həmişə belədir. Mənim qızım da foto çəkir. Amma bu günə qədər cəmisi 1 dəfə müsabiqədə qalib gəlib. Rauf Umudun 2 oğlu da fotoqrafdır. Hansı qalib gəlib? Heç biri. Bizim burada nə marağımız ola bilər ki? Öz yaxınlarımıza, övladlarımıza veririk mükafatları? Təbii ki, yox. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında müsabiqə və sərgi təşkil edildi. Sonda müəlliflərə yazdım ki, gəlin sərgidəki fotolarınızı aparın. Heç biri gəlmədi.

Biz fotoqraflara mükafatı kimliyinə görə yox, gördüyü işə əsasında veririk. Heç kim deyə bilməz ki, mən kiməsə mükafatı nəyinsə xətrinə vermişəm. Ölkə xaricində səfərlər olub. Həmin səfərə indi heç yanımdan keçəndə salam verməyən fotoqrafları göndərmişəm. Çünki işlərinə qiymət vermişəm. Mənə indi salam verməsələr də olar. Ehtiyac yoxdur. Ötən il mükafatından imtina edən İsmayıl Nurdan soruşun, mən ona mükafatı nəyinsə xətrinə vermişdim? Soruşun ondan, mükafatı verdim, ondan nəsə istədim? Ad çəkmiyəcəyəm, elə olub ki, qazanc olan, qonarar verilən iş olub və mən oraya fotoqraf yönləndirmişəm. İş görüb, pul qazanıb. 1 qəpik istəmişəmmi? Yox.

Ardı var…

P.S Müsahibə “İlin Fotoqrafı 2016” tədbirindən öncə alınıb

Fotoqraflar.com

 

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top