Connect with us

“Meyit görməyən adam, ilk dəfə uşaq meyiti çəkdim…” – tanınmış fotoqrafın bir günü

6fd85a15ddefefae352e577b07fcf30b

Manşet

“Meyit görməyən adam, ilk dəfə uşaq meyiti çəkdim…” – tanınmış fotoqrafın bir günü

Lent.az-ın “Peşə adamının bir günü” rubrikasında növbəti mövzu fotoqrafiyadır. Müsahibimiz fotoqraf, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAc-ın fotomüxbiri, əməkdar mədəniyyət işçisi İlqar Cəfərovdur. 

İlqar Cəfərov 1960-cı ildə Gəncədə doğulub. Foto ilə 10 yaşımdan məşğul olur.

– Doğum günümdə atam mənə fotoaparat hədiyyə etmişdi. “Smena 8”. Ondan sonra başladım şəkil çəkməyə. Ailəmizin, qohum-əqrəbanın. Bilmədiklərimi də soruşurdum, fotoqrafiya haqda kitablar oxuyurdum. Uşaq vaxtımdan “Sovetskoe foto” jurnalına abunə idim. Ayda bir dəfə çıxırdı. Adam var, zamanla həvəsi ölür, axıra qədər getmir. Adam da var, əksinə, sevgisi artır. Mənim kimi. Ancaq o illərdə ağlıma da gəlməzdi ki, fotoqraf olaram. Kənd Təsərrüfatı İnstitutunun Mexanikləşdirmə fakültəsini bitirəndən sonra aspiranturaya daxil oldum. Həm də ixtisasım üzrə işləməyə başladım. Quşçuluq fabrikində. Amma hiss edirdim ki, bu iş mənlik deyil. Səhər 9-dan axşam 6-ya kimi çertyoj çəkirdim. Sıxılırdım. Moskvada SSRİ Jurnalistlər İttifaqının Foto Mərkəzinin nəzdində Foto jurnalistika fakültəsi vardı. 89-cu ildə ora daxil oldum. İki il orda qiyabi təhsil aldım. Təhsil də beləydi: hər ay fotonun bir janrından 15-20 şəkil çəkib göndərməliydim. Müəllimlər də o şəkillərə baxıb qiymət yazırdı. Orda oxuya-oxuya gəldim Azərbaycan Dövlət İnformasiya Agentliyinə.

1990-cı ilin oktyabrında AzərTAc-da (o vaxtkı “Azərinform”) işə başlayır.

...

– Bura gəldim, dərmanların, kağızların bolluğuna düşdüm (gülür). Etiraf edim ki, özümün elə də imkanım yoxuydu, çoxlu dərman, kağız almağa. Bir qədər sonra dərmanları rəngindən tanıyırdım, hansı hansıdır. Özüm çap eləyirdim. Öz səhvlərimi görürdüm, düzəldirdim. Zamanla özümü təkmilləşdirdim. Bir yandan da müharibə başladı.

Və onun fotoreportyor kimi ilk ezamiyyəti cəbhə bölgəsinə olur.

– 1992-ci ilin fevral ayı idi. Əvvəl Füzulidə oldum, ordan da Şuşaya getdim. Bir neçə gün Şuşada qaldım. Müharibə vəziyyəti idi. Dağıntılar… Sonra Laçına, Laçından da Bakıya qayıtdım. Qayıdandan sonra Xocalı hadisəsi baş verdi. İndi hamı bilir ki, orda nə baş verib. O vaxt Xocalıda nə baş verdiyini heç kəs bilmirdi. Məlumat az idi. O günlərdə informasiyanı yaymaq istəmirdilər. Cəbhə bölgəsindən çəkdiyim kadrlara baxdım. Başa düşdüm ki, o boyda hadisənin yanında mənim çəkdiyim heç nədi.

Beləliklə, fevralın 28-29-da yenidən təkrar cəbhə bölgəsində olur.

– Günü dəqiq xatırlamıram. Ya şənbə idi, ya bazar. Gəldim Ağdama. Xocalının özünə getmək mümkün deyildi. Ağdam məscidi meyitlərlə, xəstəxanası yaralılarla doluyu. O vaxt çəkməyin özü də çətin idi. Çətin deyəndə, problemli idi. İnsanlar can hayında, sən şəkil çəkirsən. Adama qəribə baxırdılar. Reaksiya birmənalı deyildi. Biz onları başa salırdıq ki, çəkməliyik. Xocalıda nə baş verdiyini dünyaya çatdırmaq üçün bu kadrlar vacibdir. Ömrümdə meyit görməyən insan – mən, birinci dəfə uşaq meyitini çəkirdim…

Otağa sükut çökür. Özünü toxdadır.

– Nəysə… İki bacını yanaşı uzatmışdılar. Təxminən 7-9 yaşları olardı. Həmin şəkli göndərdik Moskvaya. “İzvestiya” qəzetində dərc oldu. Sonra “Röyters”də də yayımlandı.

Gecə yaralılarla birgə eyni qatarda Bakıya qayıdır. Material yayımlanmalı idi.

...

– Bakıya çatanda baxdım, dəmir yolu vağzalında 20-yə yaxın Təcili Yardım maşını dalbadal düzülüb. Qatarda yerimi rahatladım çəkəm, gördüm kimsə ayağımdan yapışdı ki, düş aşağı! Soruşdu kimsən? Sənədlərimi təqdim elədim. Ha başa saldım, yenə icazə vermədi çəkməyə. Gördüm mübahisənin yeri yoxdu, onsuz da icazə verməyəcək. Sənədlərimi də qaytarmadı ki, sən get, özümüz gətirəcəyik. Kadr ürəyimdə qaldı, getdim o biri başa, çıxdım yüksəkliyə, ordan çəkdim. Kadrı elə götürdüm ki, həm maşınlar düşsün, həm də “Bakı” yazısı. Doğrudan da, bu kadrım maraqla qarşılandı. Bir neçə dəfə qəzetdə yayımlandı.

– Fotoqrafiyanın bugünkü vəziyyətindən razısınız?

– Çətinlik çəkirəm. Azərbaycandakı fotoqrafların çoxuyla ünsiyyətim yoxdu. Mənimki fotoaparatım, işim və kompüterimdi. Azərbaycanda yaxşı fotoqraflar olub, var, olacaq da. Təəssüf ki, bizdə fotoqrafiya məktəbi yoxdu. Fərdi kurslar var. Fotoqrafiyanın əsaslarını bildikdən sonra daha çox işləmək tələb olunur. İşlədikcə, adam öyrənir.

– Yaxşı fotoqraf üçün nə lazımdı?

– Birinci, fotoaparat lazımdı (gülür). Əsas istək olmalıdı. Sonra zəhmətkeşlik. Səbirli olmaq lazımdır. Daha çox idmanı çəkməyi sevirəm. Ya mədəniyyəti. Bəzən bir kadrı çəkmək üçün bəzən xeyli gözləməli oluram. Bir də özünütənqid. Özüm özümü çox söymüşəm (gülür). Tənqidsiz inkişaf olmaz! Vaxt olub, şəhəri 3-4 saat gəzmişəm, istədiyim kadrı tapmamışam. Bir gün elə-belə Sabir bağına çıxmışam ki, kadr gözümün qabağındadı. Elə bil, Allah deyir, al sənə kadr. Çək! Rəngli lentlərin təzə çıxan vaxtı idi. Gördüm, saqqalı qoca kişi parkda skamyada oturub, xama yeyir. Payız idi. Yarpaqlar saralmışdı. Pişik qocanın qarşısında  durub ağzına baxırdı. Kişi yedi, yedi, birdən pişiyi gördü. Ona xama uzadanda mən çəkdim. Kişi gördü məni. Başladı rola girməyə. Bir kadr bəs elədi. Birinci kadrda kişi ilə pişik idi. İkinci planda arxada skamyada kişiylə qadın oturmuşdu. Üçüncü planda İçərişəhərə doğru adamlar gedirdi. Bir kadrda 3 plan vardı.  

2001-ci ildən beynəlxalq müsabiqələrə qatılır.

– Yerli müsabiqələrə qatılırdım. Beynəlxalq müsabiqələrə 10 il işlədikdən sonra qatıldım. Daha çox idman mövzusunda qələbələrim var. “Rusiya Mətbuat Fotosu -2007” müsabiqəsinin idman mövzusu üzrə qalibi olmuşam. 2009-da Yaponiyada hər iki ildən bir ənənəvi keçirilən Nikon korporasiyasının foto müsabiqəsində qalib olmuşam. 151 ölkədən 18 min iştirakçı qatılmışdı. 51 min iş arasında mənim fotom ikinci yer qazandı. Rus dram teatrında bodibildinq üzrə turnir keçirilirdi. Şəkilçəkən telefonlar təzə çıxmışdı. Tamaşaçılar əlində telefon iştirakçının şəklini çəkirdilər. Mən də onların şəklini çəkmişdim. 2015-də 7, 2016-da 9 beynəlxalq müsabiqənin qalibi olmuşam. İrlandiyada Salonun qızıl medalı, Honkonqda Beynəlxalq Fotoqraflar İttifaqının və beynəlxalq Fotoqraflar Assosiasiyasının qızıl medallarını almışam.   

...

Şəkillər arasından ona beynəlxalq fotomüsabiqədə ilk uğurunu gətirmiş fotonu göstərir. Tofiq Bəhramov adına stadionun gimnastika zalında çəkilib. Məşqçisi gimnastın ayağını dartır. Bu şəkil ona 2002-ci ildə Moskvada keçirilən beynəlxalq foto müsabiqədə ikin yer qazandırıb. 20-dən çox beynəlxalq mükafata layiq görülüb. Ötən il Beynəlxalq Fotoqrafiya Sənət Federasiyasının (FIAP) rəssamı fəxri adına layiq görülüb.

– FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu ada, əsərləri FIAP-ın himayəsi ilə keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki sənətkarlıq baxımından tanınan fotoqraflar layiq görülür. Azı 45 şəklin beynəlxalq müsabiqədə iştirak etməlidir. Məndə 87 şəkil idi. FIAP-ın rəssamı adını almaq üçün Direktorlar Şurasının və bədii komissiyanın üzvlərinin böyük əksəriyyətinin qərarı lazımdır. 100-dən çox fotoqrafiya əsərim FIAP-ın himayəsi ilə dünyanın müxtəlif ölkələrinin beynəlxalq salonlarında nümayiş etdirilib. Mükafatım hələ gəlib çıxmayıb. Bayrama görə ləngiyir. Bu yaxınlarda gələsidir.

İş otağında qalaq-qalaq şəkillər var. Müharibə vaxtı çəkilənlərdi. Baxırıq. Baxdıqca, bir-bir təqdimat verir: “Ağdamda çəkmişəm”, “Şuşada çəkmişəm”… Sonra bir şəkli əlində saxlayıb: “Bu kişinin dediyi sözlər qulağımdan getmir”, – deyir. Şəkildə bir ayağı olmayan kişi və onu qolundan tutub aparan qadın var.

– Ər-arvaddılar. Kəlbəcərdən məcburi köçkündürlər. Murovu aşıb, üzü Göygölə tərəf düşürlər. Kişi güclə yeriyirdi. Qadın da qolundan bərk-bərk yapışmışdı. Kişi deyinirdi ki, “dedim, məni qoy, get! Nə sürüyürsən?” Qadın dedi, “nə danışırsan, səni qoyub gələrdim heç?!” İnsanların sədaqətinə baxın!

Sonra sosial şəbəkələrdə çox paylaşılan fotoya gəlib çatırıq. Məktəbli oğlan və əsgərlər.

– Bu şəkli Laçında çəkmişəm. Uşaqda məni nə cəlb elədi? Uşaq dəhşət fikirli idi. Şəklini çəkdim, heç xəbəri də olmadı. Yanımdan ötüb keçdi. O qədər fikirli idi ki… Həmişə fikirləşirəm, nə əcəb illər ərzində bir nəfər çıxıb demədi ki, o şəkildəki mənəm.

...

– Bəlkə o uşaq heç sağ deyil?

– Bəlkə də… Baxın bura, Ağdamdı. Litvalı jurnalist Riçardla getmişdim. Dostumdu. Bu uşağa yaxınlaşdıq ki, şəklini çəkək, uşaq əlimizdəki fotoaparatı görüb, başladı ağlamağa. Anası gəldi ki, o qədər top-tüfəng səsi eşidib, qorxur. Elə bilir, bu dəqiqə ona atacaqsınız.

Şəkildə araba üstündə çömbəlmiş 3-4 yaşında balaca qızcığaz var. Əlləri ilə qulağını tutub.

– Sonralar qəhrəmanlarınızı axtarmısınız heç?

– Görmək istəyərəm. Amma bilmirəm ki, harda axtarım?! Hər dəfə bu kadrlara baxanda o illərə dönürəm. Təkrar yaşayıram. Müharibə janrında çəkilişdən, bilmirəm, hansısa reportyor ləzzət alırmı, yoxsa, yox, mən ləzzət almıram. Çəkdiyin kadrlar adama ağır zərbə vurur. İstər-istəməz insanın psixologiyasına təsir edir. Küçə fotoqraflığını daha çox xoşlayıram. Başqa şəhərə də gedəndə çalışıram çox gəzim. Fotoda dinamikanı çox sevirəm. Portretdən uzağam. Nadir halda portret çəkərəm. İndi Ramil məni çəkir (fotoqrafımız Ramil Zeynalovu deyir – L.M.). Bilirəm ki, mən çəkilirəm. Bəlkə də mən o mən deyiləm. Çalışıram özüm kimi olam. Ancaq istər-istəməz fotonun təsiri altında kadrda daha yaxşı düşmək üçün poza deyir. Bilmədən çəkilən şəkillər daha maraqlı olur.

27 ilə yaxındır, fotoqraflıq edir. Şəkilləri dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olsa da, “hələ də ən yaxşı şəklimi çəkməmişəm”, deyir. Düşünür ki, ən yaxşı kadrını çəkməyə yaxşı fürsəti olacaq…

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Manşet

To Top