Connect with us

Jurnalistin peşə etikası kodeksi – Maddələr

JURNALİSTİNİN PEŞƏ ETİKASI KODEKSİ

Bloq

Jurnalistin peşə etikası kodeksi – Maddələr

I. AZƏRBAYCAN RESPUBLİKASI JURNALİSTİNİN PEŞƏ ETİKASI PRİNSİPLƏRİ

I Maddə. Jurnalistin sosial məsuliyyəti

Jurnalistin bütün peşə fəaliyyəti Azərbaycan respublikasının Konstitusiyası və qanunlarına tam uyğun gəlir. O, dərc olunmuş (efirə verilmiş) materialı üçün oxucu, tamaşaçı, dinləyici, ümumiyyətlə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır. Kütləvi informasiya vasitələrilə dövlətin, cəmiyyətin, şəxsiyyətin mənafeyinə ziyan vura biləcək zorakılıq, hər hansı dini etikada və millətə qarşı nifrət ifadə olunan yazılar vermək qadağandır.

Dövlət sirrindən və ya xüsusi qorunan başqa sirrdən ibarət məlumatı yaymaq, mövcud dövlət quruluşunu və ictimai quruluşu zorgücünə devirməyə və ya dəyişdirməyə çağırmaq, müharibəni, zorakılığı və qəddarlığı, irqi, milli, dini, müstəsnalığı və ya dözülməzliyi təbliğ etmək, pornoqrafiyanı yaymaq, digər cinayət əməlləri törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə edilməsinə yol verilmir.

İmzasız yazılar, müəllifi göstərilməyən teleradio verilişləri vasitəsilə xalq, cəmiyyət adından iddialar və təhrikedici müddəalar irəli sürmək yolverilməzdir.

Jurnalist nəşriyyat və kütləvi informasiya vasitələri rəhbərlərinin bu müddəaların ziddinə gedən göstəriş və tapşırıqlarını yerinə yetirməkdən boyun qaçırır. Jurnalistin öz əqidəsinə, mənəviyyatına, etiqadına qarşı duran materiallar hazırlamaqdan imtina etmək hüququ vardır.

II Maddə. Düzgünlük

Jurnalist baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə borcludur. O, faktların təhrif olunmasına yol vermir, onları şəxsən öz materiallarının taleyi və ya işlədiyi redaksiyanın mənafeyi naminə seçib istifadə etmir.

III Maddə. Obyektivlik

Toplanmış faktlar jurnalist peşəkarlığı ilə təhlil edilir, qiymətləndirilir, müasir ictimai hadisələr və humanizm mövqeyindən işıqlandırırlar. Kütlələrin kifayət qədər məlumat ala bilmələri üçün baş verən hadisələrin kökü araşdırılır, marağı olan tərəflərin fikri öyrənilir və bu zaman yalnız xalqın mənafeyi əsas götürülür. Materialın hazırlanması prosesində müxtəlif sosial qruplaşma və partiyaların mənafeyi, yerliçilik və tərəfkeşlik halları ilə rastlaşan jurnalist yalnız obyektivlik meyarını əsas götürür. Jurnalistin peşəkar əməyi kütləvi informasiya vasitələrində fikir müxtəlifliyinin obyektiv işıqlandırılmasına, mübahisə edən hər tərəfin fikrinin təhrifsiz verilməsinə xidmət edir. Jurnalist hər hansı siyasi partiyaya mənsub olan obyektdən prinsipial tənqidi material hazırlamaqdan imtina edir.

IV Maddə. Vicdanlılıq

Jurnalistin vəzifəsi peşə borcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bunun üçün yaradıcılıq imkanlarından tam istifadə edir, ümumi, peşə mədəniyyətini və səviyyəsini daim artırmaq üçün səy göstərir.

Vicdan jurnalistə diktə edir ki, faktları hərtərəfli və bütün incəliklərinə qədər yoxlasın, sənədlərə və başqa qaynaqlara dönə-dönə müraciət etsin, dərc olunmaqdan ötrü (efir üçün) nəzərdə tutulan yazıdakı faktların doğruluğuna tam əmin olsun. Belə olarsa, yazı barədə yozmalara, şayiələrə yer qalmır. Yazısında səhvə yol vermiş müəllif dərhal səhvin qarşısını ala biləcək tədbirlər görür, mənəvi ziyan çəkmiş şəxsdən (şəxslərdən) rəsmən üzr istəyir, onun (onların) jurnalisti bağışlamasına etika çərçivəsində nail olur.

V Maddə. Paklıq

Paklıq jurnalistə peşə üstünlüyündən, özü, yaxın adamları, qohum-qonşuları, yerliləri və b. naminə sui-istifadə etməyə imkan vermir. Jurnalistə mətbu və ya efir sözündən şəxsi rəqiblərinə, xoşu gəlmədiyi hər hansı adama qarşı istifadə etmir. Onun kütləvi informasiya vasitələri üçün hazırladığı materiala görə idarə, müəssisə, təşkilat, siyasi qrup və partiyalardan, ayrı-ayrı şəxslərdən, mükafat, hədiyyə və s. almağa ixtiyarı yoxdur, material hazırlamamaq üçün də onlarla sazişə girmir. Əgər göstərilən normalar hədə-qorxu, təzyiq və s. nəticəsində pozularsa, bu, jurnalistə bəraət qazandırmır. Kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmayan faktlarla tanış olan jurnalistin bu faktları yaymağa hüququ yoxdur. Başqa qələm sahiblərinin razılığı olmadan onların yazılarını və ya müəlliflərin axtarıb tapdıqları faktları öz adına çıxmaq, onlardan kütləvi informasiya vasitələrində istifadə etmək yolverilməzdir.

VI Maddə. Şəxsiyyətə və özgə ləyaqətinə ehtiram

Jurnalist, peşəsi ilə əlaqədar ünsiyyətdə olduğu adamların şəxsiyyətinə və ləyaqətinə hörmət edir, onları incidə biləcək heç bir hərəkətə yol vermir. Ayrı-ayrı adamların şəxsi həyatına müdaxilə, bu haqda faktların yayılması jurnalist üçün yolverilməz sayılır. Şəxsiyyətin həyatı barədə faktlar yalnız cəmiyyətin və dövlətin, vətəndaşların hüquq və qanuni mənafelərini müdafiə etmək naminə yayıla bilər. Mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur.

VII Maddə. Ümumbəşəri sərvətlərə ehtiram

Ümumbəşəri sərvətlərin qalan başqa əşyalarla münasibətdə üstünlüyünü qəbul edən Azərbaycan respublikası jurnalisti humanist ideyaları, sülhü, demokratiyanı, sosial inkişafı, insan hüquqlarını müdafiə edir.

O, qanunsuz silahlanmanı, respublikanın (və ya dövlətin) torpağını zəbt etmək cəhdini, milli ayrı-sekçiliyi müdafiə edən hər hansı mülahizələri inkar edir. Jurnalist öz fəaliyyətini respublikada torpağın bütövlüyünü, əmin-amanlığı, təbiəti, tarix və mədəniyyət abidələrini, xalq əmlakını qorumaq problemlərinin həllinin işıqlandırılmasına yönəldir.

Jurnalist Azərbaycan respublikasında yaşayan bütün xalqların, etnik qrupların fərdi xüsusiyyətlərinə, dilinə, ləhcəsinə, dininə, milli mədəniyyət nümunələrinə hörmətlə yanaşır, ayrısekçiliyə yol vermir. Jurnalist kütləvi informasiya vasitələri üçün hazırladığı materialda Azərbaycan ərazisində yaşayan bütün millətlərin mənafeyini ümumrespublika mənafeyi ilə birləşdirmək ideyasına üstünlük verir.

VIII Maddə. Peşə həmrəyliyi

Jurnalist özünün peşə şərəfini zaman və məkandan asılı olmayaraq unutmur. Həmkarlarının hörmətini saxlayır, onların yaradacılığını və peşə ustalığını qiymətləndirməyi bacarır, nüfuzlarına xələl gətirəcək ifadə, mülahizələr (yazılı və ya şifahi) işlətmir. Həmçinin onların etibarından süi-istifadə etmir, peşə borclarının icrasına hər hansı bir şəkildə mane olmaqdan çəkinmir.

Jurnalist peşə ustalığının, yaradıcılıq imkanlarının artırılmasında həmkarlarına kömək edir, çətinliyə, çıxılmaz vəziyyətə düşmüş qələm yoldaşına yardım edir. Lakin peşə həmrəyliyi həqiqətə, obyektivliyə, haqq və ədalətə qarşı yönəldilmir.

Azərbaycan respublikası jurnalisti sülhün, humanizmin, demokratiyanın, tərəqqinin, qəsbkarlıq ideyalarına qarşı hərəkatın müdafiəsi işində dünyanın bütün jürnalistləri ilə həmrəydir.
II. PEŞƏ ETİKASININ PRİNSİP VƏ NORMALARININ POZULMASI HALLARI

IV Maddə. Vətəndaşların informasiya almaq hüququnu pozan hərəkətlər

Vətəndaşların informasiya almaq hüququnu pozan aşağıdakı hərəkətlər peşə etikası normalarına zidd sayılır:

Jurnalist:

§ 1. Bilərəkdən yanlış informasiya yayırsa;

§ 2. Səhlənkarlıqdan, faktları dəqiqləşdirməmək üzündən yanlış informasiya verirsə;

§ 3. Yayılmaq üçün nəzərdə tutulan ümumxalq əhəmiyyətli informasiyanı alıb onu şəxsi mənafeyi naminə gizlədirsə və ya onun yayılmasına hər hansı şəkildə mane olursa;

§ 4. İnformasiyanı, sənədlərə və b. qaynaqlara əsaslanan faktları bu və ya başqa üsulla təhrif edib, qəsdən dəyişirsə, sitatların mənasında dəyişikliklərə yol verirsə;

§ 5. Ümumxalq əhəmiyyətli hadisələrin, faktların gizli saxlanılması məqsədilə təşkil edilmiş qrupda, cəmiyyətdə və s. iştirak edirsə;

§ 6. Düzgün olmayan informasiya yayırsa, sonra eyni hadisənin, faktın və s. əslində necə olduğunu aşkarlaya bilən informasiya hazırlamaqdan imtina edirsə;

§ 7. Naməlum və ya şübhəli mənbələrə, səlahiyyətli orqanların təsdiqləmədiyi sənədlərə, dedi-qoduya əsaslanıb hazırladığı informasiyanı vətəndaşlara ən doğru informasiya kimi təqdim edirsə;

§ 8. Adi reklam informasiyası olmayan, əslində isə açıq-aşkar reklamdan ibarət olan material yayırsa, yazısında gizli reklam məqsədi güdürsə, yəni qəsdən şişirtməyə yol verib hər hansı məhsulu, idarə müəssisə, kooperativ və b. təşkilatların son əməyini layiq olmadığı halda tərifləyirsə;

§ 9. Səhiyyə, əczaçılıq, ekstrasens (cadugərlik, falçılıq, ovsun və s.) sahəsində aparılan təcrübələrdən əldə edilmiş müvəqqəti uğurları tibb sahəsində (sosial sahədə) tam qələbə kimi yayıb, bununla ağır xəstəliyə düçar olmuş şəxslərin tamam sağalacağına inam yaratmağa cəhd göstərirsə, sensasiya məqsədi güdürsə;

X Maddə. Vətəndaşların fikrini azad ifadə etmək hüququnu pozan hərəkətlər

Vətəndaşların öz fikrini azad ifadə etmək hüququnun ziddinə olan aşağıdakı hərəkətlər peşə etikası normalarının pozulması deməkdir.

Jurnalist

§ 1. Xudbinlikdən, hər hansı bir qrupun mənafeyi naminə özünün razılaşmadığı fikrin ictimaiyyətin müzakirəsinə verilməsinə maneçilik törədirsə, bununla da plüralizmə qarşı çıxırsa;

§ 2. 10-cu maddənin birinci paraqrafında göstərilən mülahizələrə görə əvvəl dərc olunmuş (efirdə, ekranda getmiş) polemik və ya tənqidi materialların müzakirəsinə mane olmağa çalışırsa;

§ 3. Tənqidi materiala verilmiş cavabın dərc edilməsinə mane olmaqla təkzibin aşkarlanmasına müqavimət göstərirsə;

§ 4. Oxucu, dinləyici, tamaşaçı məktubunu müəllifin razılığı olmadan qısaltmaqla mənasını təhrif edirsə;

§ 5. Saxta oxucu, dinləyici, tamaşaçı məktubları yolu ilə (bu məktubları özü təşkil edirsə) ictimai fikir anlaşılmazlığı yaradırsa, yaxud öz yazısını başqa real şəxsin mülahizəsi kimi qələmə verirsə, radio jurnalisti materialında adını çəkdiyi konkret adamın əvəzinə efirə başqa şəxsin səsini verirsə;

§ 6. Müəllifin, müsahibinin xahiş və ya tələbinin əksinə olaraq, hazırladığı materialın son variantını ona göstərmirsə, beləliklə, məzmununda əsaslı dəyişikliklər etdiyi mətni razılıq əldə etmədən dərc etdirirsə, televiziyada, radioda istifadə edirsə;

XI Maddə. Şəxsiyyətin paklığına aə ləyaqətinə qarşı hərəkətlər

Aşağıdakılar şəxsiyyətin paklığına və ləyaqətinə qarşı yönəldilmiş hərəkətlər sayılır:

Jurnalist:

§ 1. Hər hansı bir vətəndaşın həyatı ilə bağlı olan informasiyanı onun razılığı olmadan yayırsa (cəmiyyətin mənafeyi, vətəndaşların hüquq aə qanuni tələbləri, hər hansı ictimai xadimin fəaliyyəti ilə bağlı hallardan başqa);

§ 2. Həqiqətə uyğun olsa da, ictimai maraq doğurmayan və əhəmiyyəti olmayan, həm də şəxsin ləyaqət və paklığına xələl gətirən informasiya verirsə;

§ 3. Hüquqi qaydalarla cəzalandırıla biləcək hərəkətə yol verib təhqir və böhtan ünsürlərindən istifadə edirsə;

§ 4. İnformasiya materialında konkret şəxsi gözdən salmaq məqsədilə onun fiziki və əqli qüsurlarını aşkarlayırsa; adını, soyadını, ata-anasının adını lağa qoyur, sözlə karikatura yaradırsa;

§ 5. Məhkəmə qərarının qüvvəyə mindiyi vaxta qədər müttəhimin cinayətkar (və ya tamam günahsız) olduğu haqda bununla bağlı hüquq mühafizə orqanlarının işlərinə rəy yazırsa, hakimlərin toxunulmazlığına qəsd xarakteri daşıyan informasiya verirsə;

§ 6. Yetginlik yaşına çatmamış və cinayətkarlıqda şübhələnən, mühakimə olunmuş şəxsin və ya müttəhimin surətini kütləvi informasiya vasitələrində verirsə, adlarını çəkirsə, onlardan material hazırlayırsa, amma bu zaman onların gələcək həyat yolunu nəzərə almırsa, eyni zamanda onların özləri və ya ata-anaları ilə (bunları əvəz edən şəxslərlə) etika çərçivəsində söhbət aparmadan materialı yayırsa (yeniyetmələrin törətdikləri xüsusi ağır cinayətlərdən başqa);

§ 7. Əvvəllər kütləvi informasiya vasitələrinin haqqında bəhs etdikləri hüquq, əxlaq və b. normaları pozmuş şəxsə özünü təmizə çıxara biləcək son imkanı vermirsə;

 

XII Maddə. Jurnalist peşəsi şərəfinin pozulması

Aşağıdakılar jurnalist  peşəsi şərəfinin pozulması hesab edilir;

Jurnalist:

§ 1. Peşə statusundan, özü, qohumları və yaxın adamları üçün üçüncü şəxsdən və ya təşkilatlardan istifadə edirsə;

§ 2. Tamahkarlıq və s. düşük qənaətə görə hər hansı materialın və ya onun bir hissəsinin dərc edilməsinə (efirdə, ekranda getməsinə) mane olmursa, ya da əksinə, dərc edilməsinə (efirdə, ekranda getməsinə) nail olmağa çalışırsa, hər iki halda həmkarlarını buna təhrik edirsə;

§ 3. Hər hansı səbəbdən həmkarını başqa jurnalistlərə və ya ictimaiyyətə mənfi adam kimi tanıtdırırsa;

§ 4. Yaradıcılıq rəqabətini yanlış anladığından və ya başqa obyektiv səbəblərdən həmkarlarına peşə borclarını yerinə yetirməkdə qəsdən mane olursa (bu, həmkarının materialının dərcinə, efirdə, ekranda getməsinə müqavimət göstərmək kimi qiymətləndirilir);

§ 5. Redaksiyada tutduğu vəzifədən sui-istifadə edib ilk jurnalist təşkilatının işinə əngəl törədirsə və ya sərbəstliyini məhdudlaşdırırsa;
III. Tənbeh

XIII Maddə. Cəza tədbirləri

Peşə etikası kodeksinin normalarını pozmuş jurnalistlər barədə aşağıdakı cəza tədbirləri tətbiq edilə bilər:

a) xəbərdarlıq

b) töhmət

v) şiddətli töhmət

q) jurnalistlər birliyi üzvlüyündən çıxarılması.

Cəza almış jurnalist haqqında Azərbaycan Respublikası Jurnalistlər Birliyinin mətbu orqanında və ya respublikanın dövri mətbuatında informasiya da verilə bilər. Bu, peşə etikası komissiyasının qərarı ilə müəyyənləşdirilir.

 

XIV Maddə. Pozuntu Hallarına baxılması

Jurnalistin peşə etikası kodeksi normalarını pozması hallarına ilk jurnalist təşkilatında baxılır. İlk təşkilatın çıxardığı qərarla razılaşmayan jurnalist Azərbaycan Respublikası Jurnalistlər Birliyinin peşə etikası və hüquq komissiyasına işə yenidən baxılmaq üçün müraciət edə bilər; son qərarı da bu komissiya verir.

Digər heç bir orqan və ya təşkilat jurnalist etikası normalarına riayət edilib-edilməməsinə baxa bilməz.

Azərbaycan jurnalistinin peşə etikası kodeksinin heç bir maddəsi jurnalisti inzibati və icbari qaydada məsuliyyətə cəlb etməyə əsas vermir.

İctimai fikrin formalaşmasında mətbu sözünün böyük rolu kütləvi informasiya vasitələrində çalışan qələm sahiblərinin məsuliyyətini artırır. Kodeks öz peşə borcunu yerinə yetirən jurnalistə etik-mənəvi normaları xatırladır, vətəndaşlarla, təşkilatlarla normal ünsiyyət tövsiyə edir.

Jurnalist etikası normalarının pozulması ilə bağlı məsələlərə baxılarkən bu kodeks əsas götürülür. Kodeksdə nəzərdə tutulmuş normalar Jurnalistlər Birliyinin üzvlərinə, ştatda işləyən jurnalistlərə, həmçinin redaksiyaların tapşırığı ilə və ya başqa qanuni əsaslarla material hazırlayan qələm sahiblərinə aid edilir.

Daha çox - Bloq

To Top