Connect with us

Fotoqraflardan yeni vergi qaydasına reaksiya: “Gülüncdür…”

pexels-photo-226243

Manşet

Fotoqraflardan yeni vergi qaydasına reaksiya: “Gülüncdür…”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bir neçə gün öncə keçirilən birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir.

Onun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər. Bundan başqa, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək.
 
Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir. Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 
Bəzi fotoqraflar bu qərara etiraz ediblər. Bəziləri isə qərarla razı olduqlarını, vergi məsələsinin fayda verəcəyini bildirdilər. 
 
Məsələn, fotoqraf Ataş Abbasov bu qərarın bəlkə getdikcə artan fərsiz fotoqraf sayının azalmasına səbəb ola biləcəyini düşünür: “Yaxşı ediblər. Bu vergiyə görə bəlkə fotoqraflıq da inkişaf edər. Hər gələn fotoqraf olmaz. İndi aparat alan hücum çəkir, restoranlara… Həm keyfiyyət aşağı düşür, həm də sənətə qiymət verən olmur”. 
 
Süleyman Süleymanlı isə fərqli düşür: “Mənim inkişafıma, foto təhsilimə və ya texnikamın zənginləşməsində zərrə qədər köməkliyi, diqqəti olmayan bir dövlətin məndən vergi istəməsi çox gülüncdür”.
 
Tural Hüseyn fotoqrafiyanın yenicə inkişafa başladığını, amma bu vergi məsələsinin inkişafa mane olacağını düşünür: “Əvvəllər normal iş olardı, amma indi insanlar böhrandadır, bir çox toy sahibləri restoranın fotoqrafının bəs etdiyini düşünür. Çünki insanlarda demək olar ki, pul qalmayıb. Bu isə birbaşa bizə təsir edir. Məcburən çəkilişlərin qiymətini ucuz edirik ki, müştəriyə də uyğun olsun. Bu da bizə çox təsir edir. Fototexnikanı dollarla alırıq və dollar da günü-gündən artır. Ayda 1-2 toy olur, ya olmur. Vergiyə qarşı deyiləm, sadəcə bu qədər verginin qoyulmağını qəbul edə bilmirəm. Aylıq gəlirə uyğun olaraq, faizlə vergi olsaydı, daha yaxşı olardı. Azərbaycan fotoqrafiyası yeni-yeni dirçəlməyə başlayırdı ki, onu da bu vergi ilə “basdıracaqlar”. 
 
Ramiz Cəfərov sifarişlərin az olduğu dönəmdə belə bir qərarın onlara ziyan vurduğunu bildirdi: “Ölmədim, bu günü də gördüm. Fotoqraflar vergi verəcəklər. Dünyanın heç bir ölkə və şəhərində belə bir qayda, qanun yoxdur. Şadlıq saraylarında restoran fotoqrafları ilə aramızda mübahisələr olur, sakit şəkil çəkmək mümkün deyil. Buna görə də, müştəriyə normal qiymət demək olmur. Həm gec-gec, həm də ucuz iş gör, bir yandan da vergi ver. Mən az işləyirəmsə və ya heç işləmirəmsə, necə vergi verim? Məsələn, Məhərrəm ayında iş olmur. Mən həmin aylarda pul qazanmasam da, rüsum ödəməliyəm? (Gülür)”.

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Manşet

To Top