Connect with us

Fotoqrafiyanın düşmənləri: Fotoaparatlar niyə dəyərindən ikiqat baha satılır?

427082

Reportaj

Fotoqrafiyanın düşmənləri: Fotoaparatlar niyə dəyərindən ikiqat baha satılır?

Zamanın tələbləri getdikcə dəyişir. Əvvəllər xəbər əldə etmək, onu oxumaq elə də asan və əlçatan deyildi. Vaxtı ilə qəzetlər sadəcə yazıdan ibarət idi. Zaman keçdi, hər şey dəyişdi. Zövqlər və istəklər də həmçinin…

Artıq heç kim xəbəri fotosuz təsvir edə bilmir. Müasir mediada fotosuz, videosuz xəbərin gücü az olur. Oxucular oxumaqdan daha çox hadisəni görmək istəyirlər. Bu fotonun mətbuatdakı rolunun nə qədər önəmli olduğunu göstərir.

Əgər fotodan danışırıqsa təbii ki, fotoların müəllifləri olan fotoqrafları da unutmaq olmaz. Fotoqrafiya sadəcə foto-jurnalistikadan ibarət deyil. Onun fərqli qolları və bu qollar üzrə peşəkarları var.

Ölkəmizdə fotoqrafiyaya elə də yaxşı qiymət verilmir. Görülən işi küçümsəyənlərin sayı, qiymət verənlərdən qat-qat çoxdur. Amma heç kim fotoqrafların hansı problemlərlə qarşılaşdığını bilmir. Fotoqrafiya ilə peşəkar səviyyədə məşğul olmaq böyük xərc tələb edir. Fotoaparatlar, onlar üçün obyektivlər, işıqlar, batareyalar, müxtəlif aksessuarlar, çantalar, studiya avadanlıqları və s. Bütün bunların hər biri xarici ölkələrdən dollarla alınır. Bütün bunlarla yanaşı, fotoaparatlar 1-2 ildən sonra, hətta bəzən daha tez dəyişdirilməli və yenisi alınmalıdır. Nəzərə alsaq ki, peşəkara aparatların qiyməti ən azı 1500 dollardan başlayır, bu da fotoqrafiyanın nə qədər bahalı bir peşə olduğunu göstərir.

Bir məsələ də var ki, fotoaparatların qiyməti başqa ölkələrdə 1500 dollardırsa, ölkəmizdə eyni aparat, eyni model 2000-2500 dollara satılır. Bu yazımızda məhz bu məsələyə toxunacağıq. Paytaxt Bakıda fototexnika satışı ilə məşğul olan çox az sayda mağaza var.

Bu mağazaların bəziləri məhsulu sifariş əsasında gətirir, bəziləri isə daimi satışla məşğul olurlar. Amma mağazaların satdığı fotoaparatın əsl qiyməti itə mağazada satılan qiyməti arasında ciddi fərqlər var. Məsələn, həvəskar fotoaparat sinfinə aid olan Canon EOS 1300D, Kontakt Home mağazasında nağd satış üçün 650 manat, kreditlə isə ilkin satış məbləği 800 manat, 24 aylıq kreditlə alınan zaman isə fotoaparatın qiyməti 1104 manata çatır. Aparatın əsl qiyməti isə 580 manatdır.

İndi isə keçək peşəkar, yəni full-frame fotoaparatlara… Bu dəfə isə Canon 6D-nin qiymətlərini araşdırdıq. Almali.az saytı bu modeli çatdırılma ilə birgə 2200 manatdır. Photohouse mağazasında bu modelin qiyməti 2649 manatdır. Kontakt Home hazırda bu modelin satışını dayandırsa da, bir müddət öncəyə qədər aparatı 3500 manata satırdı. Canon 6D-nin ebay-da qiyməti isə 2000 manatdır. Maxi.az mağazası isə işi bir az da irəliyə aparıb. Crop aparat olan və Canon 6D-dən geri qalan Canon EOS 70D aparatını 2300 manata satır. Hansı ki, bu aparatın qiyməti hazırda 1685 manatdır. Baku Electronics mağazası da Maxi.az-dan geri qalmır. Onlar da  Canon EOS 7D MARK 2ni 18:135 lenslə birgə 4000 manata satır. Aparatın ebay-da qiyməti  2500 manatdır.

Bu kimi müqayisələri çox etmək olar. Bu səbəbdən fotoqraflar çox böyük əziyyət çəkirlər. Xaricə gedən qohum, dost, tanış axtarırlar ki, ona pul verib, yeni fotoaparat alsınlar. Bir neçə ildən bir fotoqraf əlini cibinə salıb, sonu 3 ədəd sıfırla bitən məbləği xərcləyib, aparatını yeniləməlidir.

Çünki hər şeyin ömrü olduğu kimi, aparatların da ömrü var. Limitə yaxınlaşan kimi, o aparat satılmalı və yenisi alınmalıdır. Bu qədər xərcdən sonra bəzi şəxslər fotoqraflara deyirlər ki, “Əşi nə edirsiniz ki? “Knopkaya” basırsız da. Nə xərci vare bunun?”

Fotoqraf Elxan Qəniyev deyir ki, rəssamın fırçası olduğu kimi, fotoqrafın da kamera və avadanlıqları onun sadiq dostudur. Amma əfsuslar olsun ki, bizim ölkədə bu dostu əldə etmək bir maşın almağa bərabərdir: “Hazırda ölkəmizdə dolların qalxmasının da avadanlıq qiymətlərinə böyük təsiri oldu. İstənilən bir avadanlıq digər ölkələrə nəzərən iki qat bahadır və bu da fotoqrafiyanın inkişafına böyük həcmdə mane olur.

Ümumən fotoqrafiya bahalı bir sənətdir. Yəni fotoqraf olmaq istəyən (Özündə bu bacarığı görən) şəxs avadanlıqların qiymətlərinin baha olmasına hazır olmalıdır. Amma məncə problem qiymətlərin baha olması deyil ölkəmizdə fotoqrafa lazım olan qiymətin verilməməsidir. Bu gün Azərbaycanın tanınmış fotoqrafları içində belə yaşayış tərzi normalın aşağısında olanlar var. Bu da təbi ki, onun avadanlıq almasını imkansız edir və inkişaf edən dövrdə avadanlıqların geridə qalması iş baxımından böyük maniyələr törədir.

Azərbaycanda fotoqrafiya bir incəsənət qolu kimi tanınmadıqca belə olaraq da qalacaq. Necə ki həkim olanda, rəssam olanda diplom və bacarıq tələb edirlərsə, fotoqrafiyada da bunu tətbiq etməlidirlər. Bəlkə ondan sonra sənət öz dəyərini alacaq”. (Musavat.com)

Daha çox - Reportaj

To Top