Connect with us

Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim keçirilib

592288

Fotoxəbər

Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim keçirilib

Bu gün “Nizami” kino mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə noyabrda Azərbaycanda ilk dəfə keçiriləcək “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində yerli peşəkar fotoqraflar üçün praktiki təlim baş tutub.

Fotoqraflar.com xəbər verir ki, “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən biri olan Denis Kleronun verdiyi təlimə 20-dan çox media nümayəndəsi qatılıb. Təlimdə Denis Klero peşəkar idman fotojurnalistikası ilə əlaqədar öz təcrübəsindən danışıb, iştirakçılara ekstremal idman növlərinin fotoşəkillər vasitəsilə effektiv işıqlandırılması, hərəkətli obyektlərin fotoşəkillərinin düzgün çəkilməsi və bu zaman idmançılarla səmərəli ünsiyətin qurulmasına dair üsullar haqqında ətraflı məlumat verib.


Ekstremal idman növlərinin fotoçəkilişi üzrə böyük təcrübəyə malik D.Klero təlim iştirakçılarının yeni üsullara marağını yüksək qiymətləndirib: “İlk dəfədir Bakıda təlim keçirəm. Təlimdə yeni texnikalardan danışdıq və azərbaycanlı fotoqraflar təlimə böyük maraq göstərdilər. Onların peşəkarlığı təlimin daha səmərəli keçməsinə öz töhfəsini verdi.

Hər il dünyada yeni ekstremal idman növləri yaranır və bu sahə getdikcə inkişaf edir. Bu halda peşəkarlar da həmin inkişafdan uzaq qalmamalı, davamlı özlərini yeniləməli və ən son üsullardan istifadə edərək işlərində yüksək peşəkarlıq nümayiş etdirməlidirlər. Bu baxımdan da deyə bilərəm ki, təlim çox məhsuldar keçdi”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutan təlimə öz münasibətini bildirən şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrinin peşəkarlıq baxımından inkişafında onlara davamlı dəstək göstərəcəklərini bildirib: “Bakı şəhəri 2018-ci ilin 27-29 aprel tarixlərində artıq 3-cü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək və biz bu ötən hər il ərzində yarışın daha yüksək keyfiyyətdə işıqlandırılmasını təmin etməyə çalışırıq. Həmçinin, bu il media ilə daha sıx və daha yaxından işləməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün baş tutan praktiki təlim də həmin silsilə tədbirlərin bir hissəsidir.

Ümid edirik ki, bugünki təlim yerli peşəkar fotoqrafların işinə tezliklə öz müsbət təsirini göstərəcək və biz yarış həftəsonu ərzində onlar tərəfindən çəkilən fotoşəkillərdə Formula 1 idmanının möhtəşəm həyəcan və coşğusunun daha qabarıq şəkildə təsvirinə şahid olacağıq”.

Qeyd edək ki, “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində həvəskar fotoqraflar üçün mobil telefonlarla uğurlu şəkil əldə etməyin yollarına dair təlim də keçirilir. Yalnız mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin təqdim olunacağı bu müsabiqənin qalibləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərlə mükafatlandırılacaqlar.

Xatırladaq ki, müsabiqədə Azərbaycanın həm həvəskar, həm də peşəkar fotoqrafları iştirak edə bilərlər. İştirakçılar macəra və idman şəkilləri mövzusuna uyğun olaraq artıq müraciət etməyə və öz mobil şəkillərini göndərməyə başlaya bilərlər, Şəkil smartfon və ya planşet kimi istənilən portativ qurğuya çəkilə bilər. Fotoşəklin ölçüsü 8 meqapikseldən çox, faylın ölçüsü isə maksimum 10 mb olmalıdır. Qələbə üçün mübarizə aparan hər bir iştirakçı 5-ə qədər fotoşəkil təqdim edə bilər.

Müraciətlərin qəbulunun son günü – 22 noyabr tarixidir. Bundan sonra, Emin Məmmədov (incəsənət üzrə ekspert), Denis Klero (fotoqraf) və Şirin Məlikovadan (Xalça Muzeyinin direktoru) ibarət olan münsiflər heyəti 5 finalçını və Milli Mobil Fotoşəkil Müsabiqəsinin qalibini seçəcəklər.

Daha çox - Fotoxəbər

To Top