Connect with us

384 uşağın sevinməsi üçün dağa çıxdılar – “Şaxta Baba Ucqar Kəndlərdə” – FOTOLAR

şaxta baba

Fotoxəbər

384 uşağın sevinməsi üçün dağa çıxdılar – “Şaxta Baba Ucqar Kəndlərdə” – FOTOLAR

6 azərbaycanlı gənc uşaqları sevindirmək üçün 100 kilometr piyada yol gedib

Düşünün ki, kürəyinizdə ağır yük, soyuq hava, kilometrlərlə yol gedirsiniz. Çünki mənzil başına çatanda tanımadığınız bir ailənin balaca övladı sevinəcək.

Həmin uşağın gözləri parıldayacaq, mif olduğunu düşündüyü bir şeyin əslində var olduğunu, arzuların gerçəyə çevrildiyinə dair ümidləri cücərəcək. Məqsədləri elə bu olan 6 gənc bu yaxınlarda ucqar dağ kəndlərinə yola düşüblər.

“Şaxta Baba Ucqar Kəndlərdə” adlı layihə çərçivəsində Bakıda topladıqları hədiyyələri Quba və Qusarın 14 ucqar kəndində 384 uşağa çatdıraraq, 10 gün ərzində 100 km yüksək dağlıq ərazidə yol gediblər.

Bu layihədə iştirak edən gənclərdən biri olan fotoqraf Elmar Əzimli ilə söhbət etdik. Elmar 10 gün ərzində baş verənləri fotoaparatı ilə qeyd edib. Hazırda isə həmin fotoların sərgisini keçir. Sərgi haqqında ən sonda danışmağa qərar verdiyimiz üçün ilk olaraq səfərlə bağlı suallar verdik:

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, kar, ağaç, gökyüzü, çocuk, açık hava ve doğa

– Belə bir layihə kimin ideyası olub?

– Layihə Cavid Qaranın fikri idi. O, tez-tez dağlara çıxır, dağçıdır. Bir dəfə tura gedəndə fotoqraf Zaur Mirzəyevlə birgə bu ideya ağıllarına gəlib və eləcə başlayıblar. Layihə ikinci ildir ki, davam edir. Ötən il hədiyyə az idi, maliyyəmiz də az oldu. Bu dəfə isə fərqli idi. Bu, sosial layihədir. Hər hansı bir maliyyə mənbəyinə söykənmir. Getmədən öncə elan veririk, insanlar pul, ya da hədiyyə verirlər, onları uşaqlara çatdırırıq.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar ve şapka

– Dağları necə aşırdınız? Çətin deyildi?

– Başlanğıc nöqtəyə avtomobillə getdik, sonra isə piyada. 10 gün ərzində ümumilikdə 100 km yol getdik. Əlbəttə, mənim üçün çətin oldu, çünki dağ təcrübəm zəifdir. Heç vaxt bu qədər piyada yol getməmişəm. 6 gün əziyyət çəkmədim, sonrakı 4 gün ayaqlarım getmirdi.

– Kəndlərdə necə qarşılandınız? Qəfil şəkildə əlində fotoaparat olan bir gənc, şaxta baba və digər könüllüləri görəndə təəccüb hissi keçirdilər?

– Ötən il bu layihə olduğu üçün kəndlərdə bizi gözləyirdilər. Uşaqlar bizim səfərimiz ərəfəsində hətta mübahisə edirdi ki, gələn il Şaxta baba gələcək, ya yox?! Ötən il 12, bu il 14 kəndə getdik. Keçən il 200, bu il 384 uşağa hədiyyə verildi. Həm də hər uşağın gələn il üçün arzuladığı hədiyyənin siyahısını tutduq. Gələn il layihəmiz alınsa, hər uşağın istədiyi hədiyyəni aparacağıq.

Görüntünün olası içeriği: 17 kişi, ayakta duran insanlar, dağ ve açık hava

– Əsl Şaxta baba kimi…

– Bəli…

– Üçüncü il layihənizi davam etdirə biləcəksiniz?

– Əlbəttə, layihəni həyata keçirmək fikrimiz var. Amma pul yığa bilməsək, sıfır dəstək olsa da, öz pulumuza layihəni qismən də olsa, reallaşdıracağıq.

– Uşaqların reaksiyaları necə olurdu? Sizi görəndə nə edirdilər?

– Bəzi körpələr Şaxta babanı ilk görəndə ağlayırdılar. Mən onların fotolarını çəkib göstərirdim, onlar da gülürdülər.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta, çocuk, açık hava ve doğa

– Fotoqraf olaraq bu layihə sənə nə qazandırdı?

– Öncə uşaqların sevincini gördüm. Eyni zamanda dağ təcrübəmi artırdım. Sosial layihələrə həm özümün, həm də insanların marağı artdı. Artıq layihədə yer almaq istəyən fotoqraflar, video-bloqerlər bizə müraciət edirlər, bizimlə səfərə çıxmaq istəyirlər. Bizə təkliflər gəlir ki, Novruz bayramında, Uşaqlar günündə də rayonlara gedək. Artıq insanlarda bizə qarşı inam yaranıb, onlar tərəddüd etmədən bizə pul verirlər ki, layihəmizi davam etdirək. Başqaları da bu cür layihələr etmək istəyir. Bu da bizi sevindirir.

– 6 gündən sonra yorulduğunu dedin. Heç davam etmək üçün tərəddüd etdiyin anlar oldumu? “Yox, bəs edər, yoruldum, getmirəm” dedinmi heç?

– Əslində, olurdu, amma uşaqların sevincini görəndən sonra unudurdum. Üzlərində olan təbəssüm insanı ruhlandırır. Mənim üçün Qubadan Qusara keçmək çətin oldu. 21 km ayaqla yol etdik. Çox yorulmuşdum, həm ac idik, həm də yükümüz ağır idi. Həmin gün günəş çıxmadan yola düşdük, Qusara çatanda axşam idi.

– Harada yeyib-içirdiniz, yatırdınız?

– Bizi kəndlərdə qonaq edirdilər, yeyib-içirdir, yatızdırıb, sonra yola salırdılar, sağ olsunlar.

– O qədər yolu piyada getməyinizin səbəbi nə idi? Bütün kəndlərə avtomobillə getmək imkanı yox idi, yoxsa, piyada getmək layihənin qaydasıdır?

– O qədər yolu avtomobillə getmək artıq xərcdir. Həm də elə yollar var ki, oranı avtomobillə getmək mümkün deyil. Yollar dolaşıqdır. Biz isə dağların arası ilə, kəsə yolla gedirik, daha asan olur. Uşaqlar bu qədər yolu piyada getməyə alışıblar. Onlar üçün asandır. Mənim üçün isə çətin oldu. Yolda ayaqqabım cırıldı, geyimim qalın deyildi. Mənə gec xəbər verdikləri üçün yaxşı hazırlaşa bilmədim. Vaxtında desəydilər də, dağ geyimi bahadır. Mən fotoqrafam, onları almaqdansa, fotoaparat üçün aksessuar alaram.

– Hazırda 10 günlük səyahətiniz zamanı çəkdiyin fotoların sərgisini keçirirsiniz. Sərginiz neçə gün davam edəcək və məqsədi nədir?

– Sərgi 1 həftə davam edəcək və xeyriyyə məqsədi ilə keçirilir. Fotoların biri 50 manatdan satılır. Buradan gələn bütün pul xeyriyyə məqsədi ilə işlədiləcək. Hazırda tələbat çoxdur və 20 foto satılıb. Hamısını da xarici ölkə vətəndaşları alıb. Sərgi keçirmək üçün “ROOM BAKU | Wine Bar & Art Gallery” bizə pulsuz olaraq yer ayırıb, onlara da təşəkkür edirəm.

Bu yerdə söhbətə layihənin ideya müəllifi və 10 gün boyunca Şaxta baba geyimində kəndləri doluşan Cavid Qara qoşulur: “Elə kəndlər var ki, orada uşaq azdır. Məktəblər 4, 9 və 11-ci siniflərə uyğun bölünür. Uşaqlar böyük məsafə qət edərək digər kəndə getməli olurlar. Bu da çətin məsələdir. Biz buradan gələn pulla dağ kəndlərinə avtobus tutacağıq ki, uşaqları məktəbə aparıb gətirsin. Azərbaycanın hər bölgəsini əhatə etmək çətindir, biz bacardığımız kəndlərə kömək edəcəyik. İndi istəyirik ki, 3 yaxın kəndə avtobus getsin, uşaqlar arasında fərq olmasın. Sonra kömək edən olsa, bunu bütün dağ kəndlərində tətbiq edəcəyik”.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, şapka, açık hava ve doğa

– Sən Şaxta baba geyimində idin. Uşaqların səndən ən çox istədilər? Maraqlı və qeyri-adi hədiyyə nə idi?

– Maşın, kitab, gəlincik istəyirdilər. Ən qəribə istək isə qəpik idi. Yəqin uşaqlar qəpik-qəpik oynayırlar. Bir qız da Qar qız paltarı istədi. Onların hamısı alınacaq.

– Cavid, ən çox yayılan və paylaşılan uşaqla əl-ələ vurub salamlaşıdığın fotonun tarixçəsini danışa bilərsənmi?

– Şəklin tarixçəsi belədir: Hədiyyələri seçərkən o geyim qarşıma çıxdı. Onu aldım və bilirdim ki, o geyimin öz sahibəsi var. Uşağı görən kimi bildim ki, tam ona uyğun geyimdir. Xahiş etdim, geyinib gəldi və o foto yarandı. Fotonun bu qədər bəyəniləcəyini gözləmirdim.

Görüntünün olası içeriği: 1 kişi, ayakta, çocuk, gökyüzü, şapka, açık hava ve doğa

– Uşaqlar sizi necə qarşılayırdılar? Səni o geyimdə görüb, şaxtababanın varlığına inanırdılar?

– 5-ci sinfə qədər olan uşaqlar inanırdılar, amma bir az böyük uşaqlar inanmırdı. Hətta iki eyni yaşlı uşaq mübahisə edirdi ki, Şaxta baba əsldir, ya yox? Dedim ki, əsas Şaxta babanın mahiyyətidir. Əsas odur ki, sizə hədiyyə gətirdi və gələn il də gətirəcək. Şaxta baba yoxdur. Saqqalımı çıxaranda uşaq çox təəccübləndi.

Qeyd edək ki, xeyriyyə sərgisi “ROOM BAKU | Wine Bar & Art Gallery”-da keçirilir.
Ünvan: Tərlan Əliyarbəyov küçəsi 10 (Fəvvarələr meydanının yaxınlığında).
Əlaqə telefonu: Cavid Qara 051 886 83 80

Mənbə: Musavat.com

Digər fotolar üçün keçid linki → Link

Ardını oxu
Bunlara da bax
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top